Thursday, September 6, 2007

Sosial sahibkarlıq və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı

Sosial sahibkarlıq və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı
Fuad Əliyev
Marketinq jurnali, 2007

Sosial sahibkarlıq nədir?
Son zamanlar sosial sahibkarlıq dünyada ictimai marağa səbəb olmuşdur. Belə ki, vətəndaş cəmiyyətinin dəstəyi nəticəsində edilən təşəbbüslər yalnız iqtisadi xarakterə yox, o cümlədən həyat keyfiyyəti və ümumi maraqlara toxunan xidmətlərə malikdir. Sosial sahibkarlıq sosial missiya həvəsini biznes şəklində ehtiva edir. Belə ki, bir çox sosial sektor institutları öz işlərində tez-tez səmərəsiz olurlar və onların mütərəqqə menecment və marketinq üsullarına ehtiyacları böyükdür..
Sosial sahibkarlığın dili yeni ola bilər, lakin bu fenomen yeni deyil. Biz onu bu adla çağırmasaq belə bir çox hallarda sosial sahibkarlığa rast gəlirik. Lakin yeni ad bu sektorun sərhədlərini cızmaqda yardımçı olmaqla vacibdir. Qeyri-kommersiya təşkilatlara əlavə olaraq, sosial sahibkarlıq ictimai məqsəd daşıyan biznes müəssisələrini, o cümlədən, inkişaf bankları, mənfəət güdməyən və güdən elementlərə malik olan hibrid təşkilatlar, öz sakinlərini marifləndirmək və məşğulluq dərəcəsini artırmaq məqsədi daşıyan biznesə başlayan icmalar kimi müəssisələri də daxil edə bilər. Geniş dil imkanı geniş oyun sahəsi yaradır. Sosial sahibkarlar öz sosial missiyalarına xidmət etmək üçün ən əlverişli imkanlar və metodlar axtarır.
Lakin bütün bunlar qarışıqlıq yarada bilər. Buna görə də sahibkarlıq – “enterpreneurship” termininə baxaq. Geniş mənada sahibkarlıq biznesə başlamaqla bağlıdır. Lakin bunu belə qəbul etmək çox sadə olardı. Sahibkarlıq termin kimi 17-ci və 18-ci əsrlərdə Fransa iqtisadiyyatında görünməyə başlamışdır. Fransız dilində bu “əsas layihə və fəaliyyətə başlamaq, girişmək, təşəbbüs etmək” mənasında işlənir. Spesifik olaraq, bu yeni və daha əlverişli yollar taparaq iqtisadi inkişafı stimulyasiya edən iş adamlarına aid edilirdi ki, bu mənada da termin ilk dəfə Fransız iqtisadçısı Jan Baptist Sey tərəfindən işlədilmişdir. 19-cu əsrdə o demişdir: “Sahibkar iqtisadi resursları az məhsuldar sahədən çıxararaq, çox məhsuldar sahəyə gətirir”. Sahibkarlar dəyər yaradırlar. 20-ci əsrdə isə Cozef Şumpeter bu terminin açıqlamasını yenilədi. O, sahibkarları kapitalizmin “kreativ-destruktiv” prosesinin aparıcıları kimi təsvir etdi. Bu sözlərlə sahibkarların funksiyası istehsal modelini islah etmək və ya onu devirməkdir. Şumpeterin sahibkarları yeni bazarlara xidmət etməklə və ya yeni işlər görmək üçün yeni imkanlar tapmaqla iqtisadiyyatda “dəyişiklik agentləridir” və iqtisadiyyatı irəli aparırlar.
Beləliklə, Sey və Şumpeterin ənənəsi sahibkarı iqtisadi inkişafın katalizatoru və innavatorları kimi təsvir edir və bu gün həmin konsepsiyanın mənasının əsasını təşkil edir. Bu nəzəriyyələrdən istifadə edərək çox asanlıqla sosial sahibkarlığı da izah etmək mümkündür. Bələ ki, sosial sahibkarlıq sosial missiyası ilə ictimai yeniliklər və mənfəət gətirən iqtisadi sektordur.
Sosial sahibkarlığı biznes sahibkarlığından fərqləndirək. Sosial sahibkarlıq üçün sosial missiya əsas olaraq qalır. Missiya ilə əlaqədar təsir əsas meyardır, lakin bu meyar mənfəət əldə etmək meyarı deyildir. Mənfəət sadəcə sosial sahibkarın məqsədi üçün bir vasitədir. Lakin biznes sahibkarlığında mənfəət meyarı dəyəri ölçmək üçün bir yoldur. Məhz buna görə də biznes sahibkarları bazar subyektləridir. Əgər onlar resursları daha da əlverişli və məhsuldar istifadə etməsələr, o zaman onlar biznesdən kənara atılır. “Sosial sahibkarlar” isə daha çox vətəndaş cəmiyyətinin subyektləridir, lakin bazarda da çıxış edir və ənənəvi sahibkarlarla rəqabət aparır. Bir çox ölkələrdə (xüsusilə, ABŞda) sahibkarlıqla məşğul olan QHTlər vergilərdən azad olunur və bacarıqları göstərdiyi halda, əmək bazarına daxil olmaq və orada öz sahibkarlıq işlərini qurmaqda dövlət tərəfindən yardım edilir.
Belə ki, QHTlər, dini və yerli icmalar və s. bizneslə məşğul olur və özləri üçün pul qazanırlar. Burada pulsuz işləyən könüllülər, vergi güzəştləri, imic və cəmiyyətin, dövlətin dəstəyi kimi ictimai sektorunun üstünlüklərindən istifadə etmək olur. Məsələn, ABŞın Şimali Karolina ştatında keçmiş narkomanların reabilitasiyası missiyasına malik olan bir QHT, bu missiyanı biznes şəkilində həyata keçirir – şəhəriçi yük daşımaları sahəsində. Keçmiş narkomanlar təşkilatın menecerlərinin nəzarəti altında yük daşıma sahəsində çalışır, müvafiq ödəniş alır və normal həyata yenidən inteqrasiya olurlar. Eyni zamanda, müştərilər keyfiyyətli xidmətlər alır. Başqa bir misal – dünyanın müxtəlif ölkələrində çalışan “Habitat for Humanity” təşkilatıdır. Onlar evsizlər üçün ucuz evlər tikir, güzəştli kreditlərlə onlara satır və bu şəkildə öz missiyanı həyata keçirir. Evlərin qat-qat ucuz olması işçilərin demək olar ki hamısının könüllü işləməsi, materialların ianə şəklində verilməsi və s. kimi amillərlə bağlıdır. Satılmış evlərdən qazanılan pullar da təşkilatın inkişafına və yeni evlərin tikilməsinə yönəldilir.

Azərbaycanda QHT-lərin maliyyələşdirilməsi
Azərbaycanda QHT-lərin fəaliyyətlərini və vətəndaş cəmiyyətini dəstəkləmək həmçinin aparılan dövlət siyasətinə ictimai sektor tərəfindən veriləcək tövhəni gücləndirmək üçün ictimai təşkilatların maliyyələşdirilməsini gücləndirən və müxtəlifləşdirən tədbirlərə ehtiyac duyulur. İctimai təşkilatların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı qanunvericilik prosedur və tələbləri daha da asanlaşdırılmasına, bürokratik əngəllərin aradan qaldırılması, prosedur və tələblər zamanı şəffaflığın təmin edilməsi müasir şəraitdə obyektiv zərurətdən irəli gəlir. QHT-lərin fəaliyyətlərinin səmərəliliyinin artırılması, həmçinin onların xarici donorlardan asılılığının azaldılması məqsədilə QHT sektorunun dövlət büdcəsindən də maliyyələşdirilməsi da məqsədəuyğun olardı. Paralel olaraq vergi qanunvericiliyi vasitəsilə əldə edə biləcəyi vergi güzəştləri vasitəsilə biznes sektorunun QHT-lər tərəfindən ictimai xidmətlərin maliyyələşdirilməsinə xidmət edəcəyi şübhə doğurmur.
Amma problem bundan da fundamentaldır. Azərbaycanın vətəndaş cəmiyyəti hələ ki özünü axtarmaqdadır. QHT fəlsəfəsi və mədəniyyəti, qeyri-kommersiya menecment anlayışı ölkəmizdə kifayət qədər dərk edilməmişdir. İlk öncə “QHT nədir?” sualını cavablandırmaq lazımdır. QHT maliyyə axtarışını hansı istiqamətə yönəldilməli və alının vəsaiti necə xərcləməlidir?
Azərbaycanda fəaliyyətdə olan QHT-lər əsasən bir mənbədən - xarici donor təşkilatları vasitəsilə maliyyələşir. Bu da onları ictimai mənafelər və dövlət siyasətinin məqsədlərindən və diqqətindən müəyyən qədər uzaqlaşdırır. Ümumiyyətlə, Azərbaycandaki QHTləri iki səpkidən təsnif etmək olar: onların əsas həqiqi missiya və fəlsəfəsinə və ictimai-siyasi mövqelərinə görə.
QHTnin fəlsəfəsi
Təsvir
QHTnin mövqeyi
Təsvir
“Kapitan Qrantın övladları”
Qrant hesabına fəaliyyət göstərən QHTlər. Qrant olmayanda işləri də olmur. Missiya qrantlara uyğun müəyyən olunur.
“Hökümət qeyri-hökümət təşkilatları”
Hökümət “nəzdində” olan QHTlər. Siyasi təbliğat, qrant almaq və s. məqsədlərlə yaradılır.
“Biznes QHTləri”
Pul qazanmaq məqsədilə yarandılmış QHTlər. Bu növ QHTlər yuxarıda göstərilən qrupla oxşarlıqları var, amma onlar tək qrantla kifayətlənmir və QHT adından istifadə edib öz bizneslərini qururlar.
Müxalifət QHTləri
Müxalifət partiyaları və hərəkatları “nəzdində” olan QHTlər. Siyasi təbliğat, qrant almaq və s. məqsədlərlə yaradılır.
“Ölü ruhlar”
Nə vaxtsa yaradılmış, sonra isə müxtəlif səbəblərə görə fəliyyəti olmayan QHTlər. Bəzən müəyyən səbəblərə görə adından istifadə olunması üçün yaradılır.
“Özəl QHTlər”
Biznes qurumları və sahibkarlar tərəfindən sırf kommersiya maraqları əsasında yaradılan QHTlər.
Klassik QHTlər
Missiyası və strateji planı olan QHT. Onun maliyyə mənbələri də müxtəlifdir. QHTnin yaranmasında sosial sifariş və / və ya həqiqi təşəbbüs əsasında qurulur.
Həqiqi QHTlər
Missiyasını həyata keçirmək və cəmiyyətə xidmət etmək məqsədilə yaradılan QHTlər.
Təsnifat kifayət qədər nisbidir və bir təşkilat bir neçə qrupa eyni zamanda aid oluna bilər.
Təssüflər olsun ki, klassik və əsl QHTlər azlıq təşkil edir. Amma burada başqa bir problem də mövcuddur: menecment problemi. Çox vaxt, yerli QHTni idrə edən şəxslərin menecmentdən xəbəri olmur və ya bir neçə başqa yerdə çalışdıqlarına görə təşkilatı düzgün idarə edə bilmirlər. Yaxşı, düşünülmüş menecment olmayan yerdə düzgün fandrayzinq, sosial marketinq və sosial sahibkarlıqdan danışmaq da olmaz.

Yeni düşüncə tərzi
Artıq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri olan QHTlər oradan-buradan pul almaqdan, qrantlara həsrət gözü ilə baxmaqdan uzaqlaşmalıdır. Müasir dünya təcrübəsini öyrənib, yeni texnologiyaları mənimsəməklə, dar çərçivədən kənara çıxıb daha stratejı və geniş işini qurmaqla yerli QHTlər güclənə bilər. Bununla onlar “beş-on” manat qazanan “obyektlər”, “qrant-yeyənlər” kimi yox, peşəkar, işləyən və cəmiyyətə həqiqətən xidmət edən təşkilatlar kimi qəbul olunacaqdır. İlk öncə, ictimai sektor institutları öz missiyalarını dərk etməli və fəaliyyətlərini səmərəli formada həyata keçirməyə başlamalıdır. Eyni zamanda da, öz mənafeyi uğrunda hökümətdə və Milli Məclisdə düşünülmüş şəkildə lobbiçilik fəaliyyətinə başlamalıdır. Beləliklə, vətəndaş cəmiyyəti institutu da inkişaf olunub ictimai şüurda həkk olunacaqdır.
Hal-hazırda QHTlərlə bağlı Azərbaycan qanunvericiliyi na qədər problemli olsa belə, sosial sahibkarlıq üçün lazım olan şəraiti yaradır. Lakin, onu düzgün istifadə edən azdır. Məsələn, Azərbaycan Marketinq Cəmiyyəti (AMC) sosial sahibkarlıq ideya və dəyərlərini mənimsəməyə və öz fəliyyətində tətbiq etməyə çalışan yerli QHTlərdən biridir. Belə ki, missiyamıza uyğun olaraq biz yerli şirkətlər və digər hədəf qrupları arasında biznes treninqləri təşkil edirik. Bu gəlir gətirib bizi “xarici” asıllılıqdan azad etməklə yanaşı marketinq və biznes idarəetməsi sahəsində biliklərin yayılmasına da xidmət edir. Digər tərəfdən, AMC digər kommersiya xidmətləri də göstərir (konsaltinq, kitabların tərcüməsi, dərc edilməsi və satışı və s.). Amma bu sahibkarlıq fəaliyyəti məqsəd deyil, missiyamızın gerçəkləşdirilməsinin vasitələrindən biridir.
Əlbəttə ki, ictimai fəaliyyətin “kommersiyalaşdırılması” daha böyük şəffaflıq və hesabatlılığı tələb edir. Bunun üçün də, QHT həm öz üzvləri, həm hökümət orqanları və ilk növbədə cəmiyyət üçün açıq olmalı və “mənfəət qazanan” təşkilat kimi yox, mənfəət qazanıb öz missiyasına uyğun cəmiyyətə xidmət göstərən təşkilat kimi tanınmalıdır.
Dünya təcrübəsi göstərir ki, sosial sahibkarlıq vətəndaş cəmiyyəti inkişaf etdirəcək bir kateqoriyadır. Mən əminəm ki, Azərbaycan QHTləri da bu kateqoriyanı yaxıq gələcəkdə mənimsəyəcək və dərk edəcəklər. Zəngin və nüfuzlu Azərbaycan naminə!

4 comments:

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

Hörmətli Fuad bəy,
Sosial sahibkarlıq mövzusunu ilk dəfə bu gün eşitdim. axtardığım zaman isə çox təəssüf ki sadəcə sizin yazınızı tapa bildim bu mövzuda. bunun üçün sizə ayrıca təşəkkür edirəm. Sosial sahibkarlığın termin olaraq adını bilməsəm də bu kimi fəaliyyətlərlə xüsusilə Avropa ölkələrində və ABŞ-da məşğul olunduğunu bilirdim. Düzdür bizdə bu sahibkarlığın heç bir növü yoxdur amma əfsuslar olsun heç bu barədə maarifləndirici bir yazı da yoxdur (yaxud da mən tapa bilmədim). sizdən xahişim əgər bu mövzuda daha geniş məlumat ala biləcəyimiz bir qaynaq varsa göstərəsiniz.
Təşəkkür edirəm.
Hörmətlə,
Cəlal Həbibov.

Unknown said...

her wey cox yaxwidi.eziyetinizde teqdire layiqdi.bir menfi cehet var.bu sizde yox umumiyetle beledi.butun yazilar sirf hemin elmi iwle mewgul olan insanin bawa duweceyi dilde yazilir.bunu mence duzeltmek bunun uzerinde iwlemek lazmdi

Unknown said...

Mövzu ile bağlı bu yazınız böyük kömeklik etdi mene. Tesekkurler