Thursday, March 21, 2013

Müsahibəm


“Alimlə şirin söhbət” rubrikası
 
Qonağımız Mərkəzi Avropa Universitetinin məzunu, Hamfri və Fulbrayt proqramlarının təqaüdçüsü, iqtisad üzrə fəlsəfə doktoru Fuad Əliyevdir.

 A.Ağayev:

Fuad müəllim, Sizi elmi platformada salamlamağa çox şadam. Diskussiya Klubumuza xoş gəlmisiniz.

Yazılarınızın birində əxlaq və iqtisadi mənfəət arasında mübahisəni sahibkarlıq etikasının əsas problemi kimi qeyd edirsiniz. Ümumilikdə, əxlaqın iqtisadi davranışa təsiri məsələləri bu gün nə dərəcədə aktualdır?

F.Əliyev:

Ağanemət müəllim, Diskussiya Klubunuza dəvət etdiyiniz üçün minnətdaram. Son qlobal iqtisadi böhran geniş anlamda müasir iqtisadi sisteminin mənəviyyatdan nə dərəcə uzaq düşdüyünü göstrəmişdir. Əslində böhranın əsas səbəblərindən biri də elə əxlaqla bağlı olmuşdur. Yəni, sırf mənfəəti düşünərək iqtisadi davranışı qurmaqla, müxtəlif spekulyativ yollarla, formal qanuni olsa belə, ancaq “bu gün”ü fikirləşməklə, sosial-ekoloji təsirləri nəzərə almamaqla qlobal müstəvidə davamlı inkişafa nail olmaq qeyri-mümkündür.

A.Ağayev:

Hazırda qlobal müstəvidə təşkilati səviyyələrdə etika standartlarının təlim edilməsində məqsəd nədir?

F.Əliyev:

Beynəlxalq səviyyədə şirkətlər anlayırlar ki, “oyun qaydalarına” ehtiyac duyulur. Artıq “qaydasız döyüş” zəmanəsi deyil və bu, həm də şirkətin beynəlxalq imcinə zərər yetirir. Güclü rəqabət şəraitində “kasıb əxlaqlı” şirkət imicinə malik olmaq müqayisəli nöqsanın yaranmasına gətirib çıxarır. Burada həm də güclü vətəndaş cəmiyyəti institutlarının rolu böyükdür. Harada ki, vətəndaş cəmiyyəti daha dayanıqlıdır, biznes sektorunun sosial məsuliyyəti də bir o qədər güclüdür.

 A.Ağayev:

Tədqiqat əsərlərinizin birində qeyd edirsiniz ki, əksər post-sovet ölkələrində etikanın bu günkü böhranı öz köklərilə sovet keçmişinə gedir. Bunu necə izah edərdiniz?

F.Əliyev:

Onu belə izah etmək olar ki, Sovet ideologiyası bir çox ümumbəşəri dəyəri təbliğ və təşviq etməsinə baxmayaraq, materializmə və totalitarizmə söykənən “süni” bir ictimai-siyasi konstruksiya idi. Onun süqutu da, post-Sovet ölkələrində ciddi mənəvi vakuuma gətirib çıxarmışdır. Yəni, əvvəlki dəyərlər sistemi rədd olunmuş, amma yenisi formalaşmamışdır. Bu da “qaydasız döyüş” şəraitinə gətirib çıxardı, ona qədərki bütün dəyərlər alt-üst oldu. Sovetin “Allahsız din”i Allahsız olduğuna görə, tab gətirə bilmədi. Bunun əziyyətini biz indiyə qədər çəkirik.

A.Ağayev:

Etika mövzularında sosial reklam kampaniyalarını nə dərəcədə faydalı hesab edirsiniz?

F.Əliyev:

Qeyd etdiyimiz kimi, bu sahədə ictimai təşkilatların, vətəndaş cəmiyyətinin rolu çox böyükdür. Dünya praktikası da göstərir ki, düzgün planlaşdırılmış və aktiv sosial reklam kampaniyaları çox təsirli olur. Bu, qabaqcıl ictimai seqment kimi biznes sektorunda ciddi keyfiyyət dəyişikliklərinə gətirib çıxarır.

www.aganemat.blogspot.com