Thursday, September 6, 2007

Məhərrəmlik bəhsləri

Fuad Əliyev





Məhərrəmlik bəhsləri
Azadlığa buraxılmış düşüncələr


(Məhərrəm ayı ərzində “Ürfan” qrupunda yerləşdirilmiş yazılar əsasında)






Bu yazıların yığılması və redaktəsi işində göstərdiyi köməyinə görə
Şəhla Balakişiyevaya xüsusi minnətdarlığımı bildirirəm












Ürfan

groups.yahoo.com/group/urfan

2007
Allahın adı ilə!

Məhərrəmlik bəhsləri
Azadlığa buraxılmış düşüncələr


Bəhs 1

Bu ilin başlanğıcı mənim üçün çox maraqlı, bəzən stressli, bəzən müsbət emosiyalı, işimdə və şəxsi həyatımda mühüm hadisələrlə və tədbirlərlə, yeni tanışlıqlarla dolu olmuşdur. Bu məni özüm, yaşadığım cəmiyyət, inancım, zəif və güclü cəhətlərim haqqında düşünməyə vadar etmişdir. Məhərrəmliyin girməsi isə bu fikirlərin sistemləşdirilməsinə və Aşura hadisəsi kontekstində baxmağıma xidmət etmişdir. Bu fikirləri Sizlə bölüşmək və sizin fikrinizi bilmək də istərdim.
Mən təbiətcə tədqiqatçı və filosof adamam. Həyatımı, əməlləri, deyilən sözləri təhlil edirəm, abstraksiya üsulundan istifadə edib kənardan baxmağa çalışıram (vaxtım olanda). Son zamanlarkı müşahidələrimi Aşura fəlsəfəsi kontekstində açıqlamaq istəyirəm. Məncə, yeri var.
Biz “ancaq Allahdan qorxuram” dediyimizə baxmayaraq, bəzən adama elə gəlir ki, Allahdan başqa hər şeydən qorxuruq. Biz başqa insanlardan, ictimai rəydən, adət-ənənədən, stereotiplərdən, əziyyət çəkməkdən, kiminsə xətrinə dəyməkdən qorxuruq və bəzən bütün bunlara görə Allahın dediklərinə əməl etmirik. Bunun psixoloji izahı da ola bilər. Bir tərəfdən, Hz. Əli (əs) kimi Allahı “qəlblə görə” bilməyən insanlar üçün Allah mücərrəddir, insanlar və digər yuxarıda sadalananlar isə realdır. Onların təsiri gündəlik həyatımızda hiss olunur. Digər tərəfdən, biz düşünürük ki, Allah Rəhimdir, başa düşəndir və bağışlayandır, insanlar isə başa düşməz. Ona görə insanlardan qorxub Allahın buyurduqlarını qoyuruq qırağa. Bir məqam da var. Bu Allahın nə dediyini düzgün başa düşməməyimizdir. Yəni, o qədər yozmalar, firqələr və s. var ki, bəzən eyni əmələ tamamilə əks mövqelərdən yanaşılır. Amma, nə isə… Sözüm onda deyil. Bütün bunları etməklə biz Tövhidi başa düşmədiyimizi göstəririk. Yəni bizim dildə desək ki, Allah təkdir və s. əslində bizim üçün Allah nə Əhəddir, nə də Səməd. Tövhid ilk baxışdan sadə görünsə də, real həyata gələndə mürəkkəb bir məfhuma çevrilir. Tövhidi real həyatda gerçəkləşdirə bilmirik.
İmam Hüseyn (əs) və Kərbəla şəhidləri (əs) isə bizə başqa nümunə göstərir. Onlar Tövhidi öz əməllərində yaşadırlar. Haqqı tanıyıb, şəksiz-şübhəsiz heç nədən və heç kimdən qorxmayıb, Allah rizası üçün özünü qurban verdilər. Şək-şübhə isə bizim ən yaxın yoldaşımızdır. Həmişə bizlədir. Kimə inanasan, kimin dalınca gedəsən, necə kiminsə oyuncağına və “peşkasına” çevrilməyəsən? Hüseyn (əs) üçün şübhə yoxdur, o, özü İmamdır. Onu İmam kimi tanıyıb, onun dalınca gedən 72 nəfərin Hüseyndə (əs) heç bir şübhəsi yoxdur. Onlar üçün Allah həm Səməd, həm də Əhəddir.
Allah özü də Quranda dəfələrlə həm Məhəmmədə (səəs), həm insanlara müraciət edərək deyir ki, ”insanlardan qorxmayın, Məndən qorxun”. İnsanlar dalınca danışa, fitnə-fəsadla və qeybətlə, zülmlə, cadukarlığla və s. məşğul ola bilər. Amma əsl mömin bundan qorxmur. Buna görə haqq-ədalətdən çəkinmir, öz bildiyi kimi edir. Məsələn, Hüseyn (əs) kimi. Bəs biz? Heyif ki, əsl mömin indi çətin tapılar. Ümumiyyətlə, mömin necə olmalıdır? Hüseyn (əs) və onun dəstəsi mömindirsə, onda bizim kimi ”dindarlar” kimik? Günahı gündəlik adətimizə, günah edib sonra tez-tez ”bağışla” deməklə bu sözü ucuz ifadəyə çevirmiş munafiqlərikmi? Məhəmməd Peyğəmbər (səəs) demişdir ki, ”özünü tanıyan Allahını tanıyar”. Biz özümüzü tanıyırıqmı? Yoxsa aldadırıq? Onda Allahı biz necə tanıyaq, Tövhidi necə anlayaq? Düşünməyə dəyər...
Peyğəmbərə (səəs) və onun pak ailəsinə (əs) Allahın salamı olsun.
Ardı var inşaAllah...


Bəhs 2

Bəzən insan elə vəziyyətə düşür ki, bilmir nə etsin. Elə bil ki, bütün dünya ona qarşı çıxır. İnsanlar onu başa düşmür, kimsə pislik edir, problemin də tökülüb qalıbdır. İnsan pessimizmə düçar olur. Mən fikirləşirəm ki, başıma pis bir şey nə gəlirsə hansısa səhv və günahımın nəticəsidir. Bir başa olmasa da. Biz niyə axı dünyanı, ətrafdakılarımızı pisləyək, lənətləyək, ittiham edək. Deyəsən Qandi demişdir ki, ”Ətrafda dəyişiklik görmək istəyirsənsə, özün dəyişiklik ol”. Allahdan bağışlanmaq istəyirsənsə, özün bağışla. Allahın sənə qarşı rəhmli olmasını istəyirsənsə, özün rəhmli ol. İnsanlardan qaçma. İmana ve prinsiplərinə görə düzgün saydığında möhkəm ol. Möhkəm olsan, əmin olarsan. Amma bunu demək, etməkdən qat-qat asandır. Bu gün mən ”yaxşılığın təbliğindən, pislikdən çəkindirməkdən” danışmaq istərdim. Bu da Məhərrəm ayında Aşura günündə baş vermiş hadisənin bir mesajıdır. Hüseyn (əs) və onun dəstəsi öz əməlləri ilə müsəlmanlara yaxşılığı təbliğ edir, pislikdən çəkindirirlər. Mən Aşuranın bu mesajını heç fikirləşmirdim. Amma keçən il, Amerikada oradakı qara-dərili amerikalı Qum Universitetinin məzunu Şeyx Cəfər Muhibullahın moizəsindən sonra bu hadisənin yeni bir şaxəsini özüm üçün açdım.
Baxın, Hüseyn (əs) Kərbəladan əvvəl insanlara müxtəlif müraciətlərlə üz tutur, elçilər göndərir ki, haqqı batildən ayırsın, müsəlmanları yaxşılığa doğru çağırsın, pisliyi onlara açıq aşkar bildirsin. O, müsəlmanlara deyir: „Mən sizi Allahın Kitabına və Peyğəmbərin (səəs) sünnətinə çağırıram. Sünnə yaddan çıxardılır, bidətlər artmaqdadır. Mənə qulaq assanız, mən sizi haqq yoluna çıxardaram. Allah rəhmi sizinlə olsun“. O, hətta heç bir imanı olmayan insanlara da üz tutur: „Əgər siz heç bir dinə və Qiyamət gününə inanmırsınızsa, heç olmazsa bu dünyada azad olmağa çalışın“. Təbii ki, insanların əksəriyyəti bunu eşitmir. Yoxsa Hüseynin (əs) ətrafında cəmi 72 nəfər olmazdı.
Sona kimi Hüseyn (əs) yolu azmış müsəlmanlara müraciət edir. Yaxşılığa dəvət edir. Susuzluqdan əziyyət çəkə-çəkə, öz səhabələrini itirə-itirə, Hüseyn (əs) öz missiyasını sona kimi həyata keçirir və bunun üçün də şəhid olur. Yaxşılığı təbliğ edir, pislikdən çəkindirir.
Bu məhz əvvəlki bəhsimizdə toxunduğumuz Tövhidlə bağlıdır. Kərbəla şəhidləri (əs) yaxşılığı təbliğ edib, pislikdən çəkindirməklə Tövhidi bütün dünya üçün yaşadır.
Onda günün sualı çıxır meydana: Hər birimiz bu gün neçə adama yaxşılığı təbliğ etdik, neçə nəfəri pislikdən çəkindirdik? Kiminsə problemini nəzərə almayıb, kiminsə qəlbini sındırıb, kiməsə yalan danışıb, yardım etməyib, “mənlik deyil” deyib zülmün qarşısını kəsməyib (ən azı öz qəlbimizdə) və s. Biz ümmətimiz üçün nə etmişik ki, ümmətimizin bu günündən şikayət etməyə və kimisə mühakimə etməyimizə haqqımız olsun?
Allah bizi bağışlasın. Amma biz də bağışlayaq. İmam Hüseyn (əs) deyir: “Ən rəhmli o insandır ki, qisas almaq imkanı olduğu halda, bağışlayır”.
Peyğəmbərə (səəs) və onun pak ailəsinə (əs) Allahın salamı olsun.
Ardı ola bilər, inşaAllah.


Bəhs 3

Aşura gününə 5 gün qalır. Yəqin ki, yenə həmişəki kimi olacaqdır. Söhbətlər, söhbətlər, lehine-əleyhinə, özünü zəncirlə vuraq-vurmayaq, ağlayaq-ağlamayaq, Yezidə lənət oxuyaq-oxumayaq, şirk belə getdi, bidət belə gəldi, ehsanlar, mərsiyyələr, moizələr, dualar və daha nələr, nələr, nələr... Köhnə hamam, köhnə tas.
Adam ömür sürür. Çay içir, çörək yeyir, sevinir, həsrət çəkir, sevir, nifrət edir, səvh-günah edir, savab işlər görür. Amma təsəvvür edin ki, hər gün Aşuradır. Hər yer isə Kərbəladır. Aşura cihad rəmzidir. Hər gün aparmalı olduğumuz cihadın təzahürüdür. Həm böyük cihadın, həm də kiçik cihadın. Əslində böyük cihadsız kiçik cihad mənasını itirir. Amma sözüm onda yox. Hz. Əli (əs) deyir ki, bu dünyada rahatlıq axtarma. Adi, zəif insan rahatlığı istəyir, hər şey özü gəlsin, bəzən gələndə də naşükür olur. Rahatlığa görə hər şeyi qurban verməyə hazırdır. Təki yaxşı olsun. Bu dünyada? Bəs axirət? Yenə Hz. Əliyə (əs) müraciət edirik. Əmir əl ,Möminin (əs) deyir: “Axirət bu dünyada qazanılır.” Axirət cihadla qazanılır. Bu dünyada gördüyümüz işlərlə, davranışımızla, dediyimiz sözlərlə. İnsanlar arasında yaxşılığı təbliğ etmək, pislikdən çəkindirməklə.
Bəzən olur ki, savab işlər görürsən, artıq düşünürsən ki, Allah məndən razıdır inşaAllah. Sonra isə … bir günah iş görürsən, ya da şübhəli iş görürsən ki, onun halallığı barədə şək edirsən. Yenə elə bil geriyə atılmış olursan. Bir səhv çoxlu savab işləri yox edər. Amma Allahın iznilə hansısa bir savab iş ola bilsin ki, çoxlu günahları da örtər. Aşura günü kimi. Qorxunu öldürüb, haqqı tapıb, onu müdafiə etmək. Şərt deyil ki, silahla. Gündəlik həyatımızda Aşuranı yaşatmaq mümkündürmü? İnsanlardan qorxmayıb, ancaq Allaha tapınaraq, insanlara xidmət etmək, yaxşılığı təbliğ etmək, günahlardan insanları çəkindirmək.
Aşura gününə 5 gün qalır. Bəs gəlib gedəndən sonra nə olacaq? Köhnə hamam, köhnə tas? Yoxsa hər gün Aşura, hər yer Kərbəla olacaqmı? Hər dəfə günah edəndə biz Yezid dəstəsində, savab işlər görəndə isə Hüseyn (əs) dəstəsində olmuş kimi vuruşuruq. Kim isə cənnətlik, kim isə cəhənnəmlikdir. Görəsən, cənnətdəki yerimi mən neçəyə satmışam!?

Peyğəmbərə (səəs) və onun pak ailəsinə (əs) Allahın salamı olsun.
Ardı ola bilər, inşaAllah.


Bəhs 4

Aşura günü yaxınlaşır. Bu hadisədən danışarkən imamət bəhsinə toxunmamaq olmaz. Çünki Hüseyn imamdır və o və səhabələri Tövhid və meadla yanaşı nübuvəti və imaməti də müdafiə edib təbliğ edirlər.
İmamət nə üçün vacibdir? Bunun üçün Peyğəmbərə (səəs) qulaq asaq. Mötəbər ƏHLI-SÜNNƏ hədis kitablarından biri olan Müsnəd ibn Xənbəldə Peyğəmbərdən (səəs) belə bir hədis rəvayət olunur: “Kim öz zamanının İmamını tanımamış olsa, cahiliyyə dövründə olmuş kimidir ». (Müsnad Imam ibn Xənbəl. Hədis 96.10)
Yəni İmam öz Zamanı tanımaq o qədər vacibdir ki, onu tanımıyan müsəlman olsa belə cahil ilə bərabər olur. Çox mühüm məsələdir. Bəs görəsən o İmam kimdir? Xüsusi məsum insanların İmamətini qəbul etməyəndə, problem yaranır. Onda bu imam şah, xəlifə, prezident və s. ola bilər. Onlar heç məsum deyil, bəzən zalım olurlar. Bir də hər ölkənin öz ağası var, amma zamanın İmamı təkdir. Necə olan şeydir bu?
Şiə mənbələrində də bu hədis vardır və təfsiri də var. Gəlin onlara da nəzər yetirək. Bir neçə hədis yetər. Üsuli Kafi kitabı: hədis 972. “Fudayl b. Yəsər, Əbu Abdullahdan (Cəfəri Sadiq (as)) elə rəvayət etmişdir: “Rəsulullah (səəs) buyurmuşdur: ‘Bir imamı olmadan ölən kəs, bir növ cahiliyye üzrə ölər’. Soruşdum: ‘Rəsulullah (səəs) belə buyurdu?’ Söylədi: ‘Bəli, Allaha and olsun ki, belə dedi’. Sual etdim: ‘O halda, bir imamı olmadan hər kəs, cahiliyyə ölümü üzrə ölər?’ ‘Bəli’ cavab verdi”.
Hədis 657: “Məhəmməd ibn Muslim belə rəvayət etmişdir: Abu Cəfərdən (Məhəmməda Baqig (əs)) eşitdim: ‘Allahın bildirdiyi imamı tanımadan özünü yoraraq Allaha ibadət edən kəsin bu səyi qəbul edilməz. O, yolunu azmışdır, çaşqındır. Allah onun əməllərini bəyənməz. O, çobanından və sürüsündən ayrılıb itən bir qoyuna bənzəyər. Gününü, ora-bura qaçmaqla, gedib gəlməklə keçirər. Axşam olduqda, çobanına aid olmayan bir sürü görər. Bu sürüyə tərəf yönələr və onunla aldanar… Çoban sürüsünü otarmaq istədikdə, çobanı və sürünü tanımaz. Çobanını və sürüsünü tapmaq məqsədi ilə çaşqın bir halda ətrafa nəzər salar. O zaman başında çobanı olan başqa qoyunlar görər. Ona tərəf yönələr və onlarla aldanar…..
Otlağına aparacaq və ya ona yönələrək bir çobanı olmadan gedib-gələr. O, belə gəzib dolaşarkən canavar bu şəkildə onun itdiyini qənimət bilib onu yeyər. Bax belə, ey Məhəmməd! Allaha and olsun ki, bu ümmətdən Əzzə ve Cəllə olan Allah tərəfindən təyin edilən İmama açıq və adil olmayan kəs azmış, yolunu itirmişdir. Əgər bu hal üzrə ölsə, bir cür küfür və münafiqlik üzrə ölər. Ey Məhəmməd! Bil ki, zülm başçıları və ona tabe olanlar, Allahın dinindən təcrid edilmişlər. Özləri azdıqları kimi, başqalarını da azdırmışlar: “Onların etdikləri əməllər, tufanlı bir gündə üzərinə şiddətli külək əsən külə bənzəyər. Onlar qazandıqları şeylərdən heç nə əldə edə bilməzlər. (Haqdan) dönüb uzaq düşmək budur!” (İbrahim surəsi: 18)”
Bu hədis imamları tanımayan kəslərin halını və Peyğəmbərin hədisini kifayət qədər izah edir.
Hər zamanənin bir İmamı var. İmam Hüseyn kimi. Məhz İmamın ardınca getmədiyimizə və Allah tərəfindən təyin olunmamışların buyruqları ilə yaşamadığımıza görə də ümmət bu gündədir. Məhz buna görə Kərbəla faciəsi baş verir. Necə də biz bu sürüsündən ayrı qalmış qoyuna bənzəyirik.
İmam Allah tərəfindən təyin olunur. Yoxsa İmamın tanımayıb ölmək niyə cahillik üzrə ölümlə bərabərdir? Niyə müsəlmanlar İmamın ölümünə imkan verirlər?
Amma İmamı necə tanımaq olar? Bu böyük və dərin bir mövzudur. Bu barədə kitablar yazılır. İstəsəniz, məsləhət görə bilərəm. Amma bir şərt odur ki, onlar Peyğəmbərin Əhli-Beytindən (əs) olmalıdır. İmam Hüseyn kimi. Başqa bir kömək, rus demişkən podskazka. Qiyamət gününə qədər onların sayı 12-dir. Niyə? Mötəbər ƏHLI-SÜNNƏ hədis kitablarından olan Səhih Buharidə və Səhih Müslimdə belə bir hədis var: RəsulAllah demişdir: Qiyamət gününə qədər 12 nəfər Əmir olacaq…Hamısı da Qureyşdən olacaqdır.” (Səhih Buhari, Kitab ul-Ahkam: 9.329; Səhih Müslim, Kitab ul-Imaraa. Hədis #10).
Fikir verin, Qiyamət gününə qədər yalnız 12 əsl Əmir (İmam) olacaqdır. Nə az, nə çox.
Başqa bir maraqlı hədis. Əhli Sünnənin kifayət qədər doğru ravilərindən biri sayılan Al-Cuveyni öz “Faraid el-Siteyn” kitabında İbn Abbasdan (ra) Peyğəmbərin (səəs) bu sözlərini rəvayət etdi: “Şübhəsiz, xəlifələrin və məndən sonra gələnlərin və Allahın ayətlərinin sayı 12-dir. Birincisi Hz. Əli ibn Əbu Talibdir, soncusu isə Əl-Mehdidir. Sonra əlavə etdi: Mən, Əli, Həsən, Hüseyn və Hüseynin 9 övladı seçilmiş və məsum olanlardır”.
Gördüyünüz kimi, Kərbəla şəhidi olan Hüseyn öz zamanın İmamına o zamanın “imamı” iddiasında olanlardan daha haqlı olanlara oxşayır və “müsəlmanlar” tərəfindən öldürülür. İmamı tanımıyan, əslində, Peyğəmbəri tanımamış kimi olur. Yoxsa yox? Bundan böyük faciə olarmı?
Amma sualım bunda deyil. Biz öz zəmanəmizin İmamını tanıyırıqmı? Sualın cavabını eşitməkdən qorxuram. Hədisdəki yolunu azmış bədbəxt qoyun yadıma düşür.
Allah hamımızı hidayət eləsin.

Peyğəmbərə (səəs) və onun pak ailəsinə (əs) Allahın salamı olsun.
İnşaAllah ardı var…..


Bəhs 5

Bu dəfə başqa bir məsələyə toxunmaq istərdim. İmamət kimi mühüm olmasa da, bu məsələ də önəmlidir. Burada söhbət insanın keyfiyyətlərindən gedəcəkdir. Bilirsiniz, çoxlu insanlar ömür boyu çalışır ki, işləsin, pul qazansın, həyatından ləzzət alsın, övladları üçün var-dövlət yığsın, və s. Biz hamımız bunu istəyirik. Gece-gündüz bunun üçün çalışırıq. Bu normaldır və halaldır. Amma bir şərtlə. Bu dünyanın işləri bizi axirətdən uzaqlaşdırmamalıdır. İnsan o qədər bu dünyanın işlərinə bağlanır ki, sabahısı günü Hüseyn (əs) kimi İmam onu cihada çağırsa, bu dünyadan ayıra bilməz. Bəs mənim uşaqlarım? Bəs ailəm? Var-dövlətim? İşim? Gözəl həyat yoldaşım? Kim onlara baxacaqdır? Bəs kim kef edəcəkdir? Mən hələ yaşamaq istəyirəm. O qədər bəhanə var.
Başqa bir məsələ isə insanın o qədər bu dünyanın işlərinə və ləzzətlərinə bağlanılmasından axirət, Allah, həyatın mənası və s. kimi məfhumlar haqqında düşünməməsidir.
Hacı Bektaş Vəlinin bir sözü vardır: “Öz qarının, ağzının və əlinin sahibi ol!” Əslində, çox çətindir. Həyat boyu nəfsimizə xidmət etməklə məşğuluq. Kor və kar oluruq. Həqiqəti görə bilmirik, Allahı görmürük, İmamın çağırışını eşitmirik.
Həyat seçimlər toplusudur. Hər an biz seçim edirik. Bir seçimlə Allaha yaxınlaşıb, başqa bir seçimlə ondan uzaqlaşırıq. Çox vaxt da axirət və dünya, haram və halal, günah və savab arasında qalırıq. Bir anlıq (üzr istəyirəm) orqazm, yoxsa haram əməldən uzaq olmaq, estetik ləzzət yoxsa harama baxmamaq/dinləməmək, fizioloji ləzzət yoxsa haramı yeməmək, rahatlıq yoxsa cihad və s.
İmam Əli (əs) səhabəsi Kumeylə (ra) deyir: Insanlar 3 cür olur: 1) Elm sahibləri; 2) Elm axtarışında olanlar; 3) Onun-bunun səsini eşidib ora-bura qaçan ”içi boş” insanlar.
Elm sahibləri çox azdır. Elm (həqiqət) axtaranlar onlardan çoxdur. Amma 3-cü kateqoriya əksəriyyət təşkil edir. Gecə-gündüz bu dunyanı fikirləşən insanlardır onlar. Onların içi də, işi də boşdur. Bu dünyada bir şey qazansalar da, Qiyamət Gününə əli boş gedəcəklər. Vay onların halına. Vay bizim halımıza. İtirdiyimiz vaxta, boş-boş söhbət və işlərimizə, kiminsə oyuncağı olduğumuza, ehtirasların ve nəfsin qulu olduğumuza, zamanımızın İmamını tanımadığımıza və ya tanıyıb bir nəticə çıxartmadığımıza və daha-daha nələrə görə.

Peyğəmbərə (səəs) və onun pak ailəsinə (əs) Allahın salamı olsun.
İnşaAllah ardı var…..


Bəhs 6

Bu gün Aşura günüdür. Məndə olan Türkiyənin Azərbaycan üçün istehsal etdiyi ”din mövzusunda” təqvimdə Aşura gününə aid olan vərəqdə Kərbəla hadisəsi haqqında bir söz də yoxdur. Çox qəribə. Bu gün böyük bayramımızdır, gərək sevinək... Yezid Hüseyni öldürübdür. Nə isə. Sözüm bunda yox.
Bu gün çoxlu lənətlər oxunulur. Əsasən zalımlara. Amma mən təklif edirəm ki, lənət oxumayaq. Allahın lənəti düşən insanlara lənət oxusan da oxumasan da, onsuz lənətlənmişdir. İstər sən onların adının qabağında Həzrəti yazasan, sonra da Allahın rizasını onlar üçün istəyəsən, istər də gecə-gündüz min lənət deyəsən. Çalışaq ki, özümüz lənətə layiq olmayaq.
Qəlbimizdə zalımlara lənət deyib, çox qışqırmayaq. Bu zahiridir. Bəzən şouya bənzəyir. Keçmişdə olanları bilməliyik, amma keçmişlə yaşamaq da düzgün deyil. Rusların bir məsələsi var: Kim keçmişi yada salsa onun bir gözü çıxsın, kim unutsa – iki gözü çıxsın. Bizim günahımız var, bağışlamaq istəyirik, heç olmasa keçmişdəkilərin səhv və günahlarını da bağışlayaq. Bağışlayaq, amma unutmayaq. İbrət götürək.
Gəlin onları Allaha tapşıraq. Vəhdət naminə, Allaha xatir, Peyğəmbərlərə və İmamlara hörmət əlaməti olaraq. Fatiməni (əs) ağladanları da vəhdət naminə tapşıraq, baxmayaraq ki, Peyğəmbər deyir ki, ”Fatimə məndəndir. Kim ona zərər vurursa, mənə zərər vurmuş olur” (Səhih Müslim: hədis 6000). Həsəni (əs) öldürənləri Allaha tapşıraq. Həmin Həsəni ki, Peyğəmbər (səəs) onun haqqında deyir: ”Allah, Onu sevəni sən də sev” (Səhihi Müslim: hədis 5952). Hüseyni də çox incitdilər. Peyğəmbərin ”Hüseyn məndən, mən də Hüseyndənəm” (Sunan ibn Maje: hədis 14) dediyinə baxmayaraq. Və daha nələrə nələrə baxmayaraq. Quranı inkar edərək Peyğəmbərin (səəs) pak ailəsi zülmlə üzləşdi. Amma gəlin o vaxtın müsəlmanlarını Allaha tapşıraq.
Mənim dostum-qardaşım Orxan soruşur: ”Necə ola bilərdi ki, Peyğəmbərin (səəs) səhabələri ilə dolu Məkkədə camaat Hüseynin çağırışına qulaq asmır”?. Bəs niyə səhabələri ilə dolu Mədinənin camaatı əlindən Hüseyn Məkkəyə gedir? Bu kimi suallar çoxdur. Amma çox dərinə getməmək gərəkdir. Gəlin hamını Allaha tapşıraq. Vəhdət naminə. Amma o vaxtın müsəlmanlarını yalnız o vaxt orada yaşadıqlarına görə başqalardan üstün tutmaq da olmaz. Əsbu Sufyna da onlardandır, münafiqlər də. O dövrdə yaşamış alim Həsən Bəsri deyir: ”Həqiqi İslam kitablarda, əsl müsəlmanlar qəbirlərdədir”. Peyğəmbərin (səəs) ölümündən cəmi 20-30 il keçibdir.
Allaha tapşıraq hədisləri qəsdən uyduranları. Onları bilməyib təkrar edənləri bağışlayaq. Fitnəkarlar, fəsadçılar, ”ingilis və s. casusları”, terroristlər və s. üçün Allahdan hidayət istəyək. Onları Allaha tapşıraq. Aşura günü əhli-beytə (əs) bəslədikləri məhəbbətindən həddi aşanları da Allah bağışlasın. Bu hadisəni təhrif edib, boş simvollara çevirənləri, qara lentləri qola bağlayıb, sonra xurafat səbəbindən çıxartmayanları Allah hidayət eləsin. Bu hadisədən öz maraqlarında istifadə edənləri Allah islah etsin.
Bağışlayaq ki, bağışlana bilək. Bağışlayaq, amma unutmayaq. Aşura bizə göstərir ki, haqqı məhv etmək olmaz. Haqq azlıqda da qalsa, yenə də qələbə çalır. Ona görə mən arxayınam. Necə olur olsun, haqq batili məhv edəcəkdir. Çünki adil Allah bir Peyğəmbərlər vasitəsilə Kitablar vermiş, Quran vermişdir, hər zaman üçün İmam təyin etmişdir. Allahdan diləyək ki, biz haqqın tərəfində olanlardan olaq. Hidayət olunanlardan olaq. Cahil olmayaq və cahil kimi ölməyək. Bu öz-özündə böyük bir nailiyyətdir. Allahdan istəyirəm ki, Kərbəla şəhidlərin (əs) qanına xatir bir olaq, vəhdəti qoruyaq. Onlardan ibrət götürək.
Bütün müsəlmanlara və İmam Mehdi əl-Müntəzirə (əs) baş sağlığımı verirəm.

Peyğəmbərə (səəs) və onun pak ailəsinə (əs) Allahın salamı olsun.
Ardı ola bilər, inşaAllah.


Bəhs 7

Bu dünya paradokslar dünyasıdır. Hər şey baş-ayaq olub. Zalimlər buyruq sahibi, cahillər elm öyrədən olub. Pozğun “ulduzlar” pərəstiş edilir, həyat nümunəsi olur. Mənim kimi günahkar isə Allahdan, dindən, cihaddan, İmam Hüseyndən (əs) danışır. Hah. Cəmiyyətimizdə o qədər ikiüzlük var ki, insan öz üzünü itirmək təhlükəsilə üzləşir. Şekspir deyir: “Həyat bir teatrdır. İnsanlar isə aktyorlardır”. Doğrudur. Biz bu teatrda müxtəlif rollar oynayırıq. Amma əsas rol birdir. Bu rol bizim bu həyatda missiyamızdır. Çox vaxt biz əsas roldan başqa bütün rollar oynayırıq.
Bu həyat, və Allah, traqikomediyadır. Absurd teatrıdır. Bir anlıq bu barədə düşünün. Zinani özünə adət etmiş oğullar qeyrətdən, “müsəlmançılıqdan” danışır. Lakin özü zina edəndə kiminsə qeyrətini məhv edir, günahın yayılmasına və müsəlmançılığın aradan getməsinə xidmət edir. Bəs, gecə evə qayıdan sərxoş və “qadın ətirli” kişidən onun vəfalı xanımı “harada olumsan?” haqlı olaraq soruşanda: “Sus, qadın. Mən kişiyəm” deyənlər bəyəm azdır? Elə çıxır ki, kişi olmaq üçün pozğun həyat tərzini aparmaq gərəkdir. Deməli, günahın da gender fərqləri vardır. Kişiyə icazə var, qadına yox. Bu da heç müsəlmançılıq deyil. Bu xəstə cəmiyyətin yaratdığı ”dəyərlər sistemdir” və ya “adət-ənənədir”. İslama gələndə bu halda heç bir gender diskriminasiyası yoxdur. Günah – elə günah olaraq qalır.
Amma sözüm bunda deyil. Bu bir nümunə idi. Məsələnin kökündə daha fundamental problem durur. Biz axı nə qədər qeybət yönümlüyük. Fillankəs belədir, filankəsin qızı bilirsən nə edib, filankəsin oğlu elədir, filankəsin arvadı nə bilim nədir və s. Biz başqaların eyiblərini diqqətlə izləməklə yanaşı bu eyiblər haqqında danışmağı özümüzə adət etmişik. Allah bizdən bunun əksini istəyir. Başqaların günahlarının örtməyimizi istəyir. Buna görə də, qeybət hətta zinadan da böyük günah sayılır. Zina edən qeybət edəndən nisbətən üstündür.
Bununla yanaşı qeybət ikiüzlüyə, münafiqliyə doğru aparır. Birbaşa. İsa (əs) deyir: ”Kimin günahı yoxdursa, daş atsın”. Heç kəs daş ata bilmir. Zinakarlar zina etmiş qadını necə cəzalandıra bilər!? Fitnəkarlar necə başqaları mühakimə edə bilər!? Bəs biz niyə daşlar atırıq başqaların bostanlarına, evlərinə, qəlblərinə. Bizim daşlarımız neçə incə könül sındırıb, özgə pəncərəyə atılmış daşlar kimi.
Hz. Əli (əs) deyir: “Başqaların eyiblərini sayan insan öz eyiblərini görməz”. Öz eyiblərini görməyən insan onda onları necə islah etsin? Bu heç də ətrafda olan pozğunçuluğa göz yumub, özün üzərində işləmək, dünyadan qaçmaq da deyildir. Çünki biz onda yaxşılığı təbliğ etmirik, pislikdən çəkindirmirik. Yenə bir balans tapmalıyıq. Amma belə deyək: mən rüşvət almıramsa rüşvətxorları ittiham edə, zina etmirəmsə – zinakarlari tənqid edə, qatil və ya oğru deyiləmsə – qatilləri və oğruları mühakimə etmək haqqım var. Nə qədər az günahın olsa – o qədər çox ikiüzlükdən də uzaqlaşırsan, daha haqlı olursan. Hz. Əlinin (əs), İmam Hüseynin (əs) və onlar kimi məsum və adil insanların çox şey deməyə, çox adamı mühakimə etməyə haqları var idi. Onlar bu haqqı qazanmışlar. Zalımlar isə lənət qazanıblar. Bəs biz nə qazanmışıq?

Peyğəmbərə (səəs) və onun pak ailəsinə (əs) Allahın salamı olsun.

No comments: